HEYDƏR ƏLİYEV- “Tariyellə işiniz olmasın. O mənə gərəkdir.”


“Bakıdakı Fəxri Xiyabanın girişində, hasarın qırağında ağ mərmər ilə örtülmüş üç qəbir vardır. Üstündə həmişə təzə çiçəklər olan bu qəbirlərdə qardaşım – Tariyel və onun ailəsi yatır. Hər dəfə Bakıya gedəndə maşından düşüb çiçək alır və ora gedirəm.

Mən düz 5 il bundan öncə haqq dünyasına qovuşmuş qardaşımın qəbri üstündəki şəklinə sual dolu gözlərinə baxıram. O sanki nə isə soruşmaq, ailəsində baş vermiş bədbəxtliyin səbəbini öyrənmək istəyir. Mən dözə bilməyib sulanmış gözlərimi həyat yoldaşı Südabənin və gənc yaşında faciəli surətdə həlak olmuş qızı Nihalın şəkillərinə tərəf çevirirəm. Geri qayıdandan sonra uzun müddət özümə gələ bilmirəm.”

İxtisasından söz düşəndə tanınmış alimlər: “Tariyel müəllim ərəb dilinin bilicisi idi” deyirlər. Şəxsi keyfiyyətlərindən danışanda onu tanıyanlar “Tariyel Həsənov pak, ləyaqətli, olduqca təmkinli insan idi” söyləyirlər. Tariyel haqqında bu fikrlər qardaşım olduğu üçün demirəm. Onu da, mənidə tanıyanlar səmimiliyimizə şübhə etməzlər.

DSC_0038

Onun necə tərcüməçi olduğunu müxtəlif qəzetlərdə dərc olunmuş bir epizodu xatırlayıram. Bağdadda İraqın sənaye naziri danışıqlar zamanı Tariyelin sözünü, yəni tərcüməcisini kəsib öz adamlarına deyir: “Mən axı sizdən xaiş etmişdimki, danışıqlara sovet tərəfinin öz tərcüməçi gəlsin, siz isə bura ərəb tərçüməçisini gətirmisiniz”.

Nazirin müavini deyir ki, tərcüməçi sovet tərəfinin nümayəndəsidir. Adı Tariyel, soyadı Həsənovdur.

Nazir gülə-gülə deyir: “Bu necə sovet tərcüməçisidirki, ərəbcə məndən yaxşı danışır”.

Tariyel böyük vətən müharibəsi başlanğıcında 1941-ci ildə Əli-Bayramlıda (indiki Şirvan şəhərində) anadan olmuşdur. Hamı kimi ailəmiz də ağır müharibə illərində az çətinliklərlə qarşılaşmamışdı. Baxmayaraqki, atam Bilal rayonunda yüksək vəzifələrdə – rayon partiya komitəsində III katib, sonralar isə Taxıl tədarükü idarəsinin müdiri işləmişdi. Tariyel uşağlıqdan öz istedadı ilə seçilirdi. Əlaçı olan Tariyel rayon kitabxanasından istifadə edir, məktəbin dərnəklərində fəal iştirak edir, şeir yazır, yerli qəzetdə çap etdirirdi. Rayonun nəfəsli orkestirində truba alətində çalırdı.

Ailəyə kömək etmək məqsədi ilə o illərdə Tariyel mətbəədə işə düzəlmişdi. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin ərəb dili şöbəsinə daxil oldu. Professor Ələsgər Məmmədovun sayəsində qısa müddətdə ərəb dilini öyrəndi. Hələ tələbə ikən respublika Radio verlişləri komitəsində ərəb redaksiyasında diktor kimi çalışmağa başladı. Tariyelin aydın tələffüzü, sərrast nitqi vardı.

1964-cü ildə Tariyelin toyunu etdik. Universitet yoldaşı türk dili fakultəsinin məzunu Radio verlişləri  komitəsində işləyən Südabə Cabbarova ilə ailə həyatı qurdu. Rayona, toyuna onun iş yoldaşları Ənvər Əlibəyli, Aydın Qaradağlı, diktor işləyən türkmən Sinan Səid, müəllimi Ələsgər Məmmədov və başqaları gəldi. Biz iş yoldaşlarının onu necə sevdiklərinin şahidi olduq. Sonrakı illər onlar qızı Nihal və Azər ilə həyatlarının xoşbəxt anlarını yaşadılar. Tariyelə 3 otaqlı ev verildi və yaradıcılıq üçün ona hər cür şərait yaradıldı. O Quranın tərcüməsinə başladı. Quranın Böyük bir hissəsini tərcümə edib qurtarana yaxın onu Yəmən Respublikasına işə göndərdilər.

Sonra isə Tariyeli İraqda SSRİ Nazirlər Sovetinin İqtisadi İnkişaf Komitəsinin müşaviri vəzifəsində işlədi. Ən yüksək səviyyədə danışıqlarda iştirak edirdi. SSRİ Nazirlər Sovetinin sədri A. Kosiqin ilə İraq prezidenti Əhməd Həsən Əl-Bəkr arasında gedən danışıqların tərcüməçisi olmuşdur.

Faciə….

1991-ci ildə Azərbaycanda müstəqillik elan olunanda Tariyel hələ də SSRİ İqtisadi İnkişaf Komitəsinin əməkdaşı kimi Bağdadda işləyirdi. Qızı Nihal tətil günlərində ora aparmışdı ki, ölkəni ona göstərsin.  Bakıda isə “cəbhəçilər” İraqla neft müqaviləsi bağlamaq üçün nümayəndə heyəti hazırlanmış və 1992-ci ilin yay aylarında Bağdada göndərməyi planlaşdırmışdı. Bu can verməkdə olan sovet imperiyasını qıcıqlandırmışdı. Azərbaycanın İraqla nəzərdə tutlan müqaviləsini pozmaq və səfirliyin açılmasının qarşısını almaq üçün faciə törəti. Tariyelin qızı Nihal, səfirliyin bir azərbaycanlı işçisinin həyat yoldaşı Tamilla xanım günorta vaxtı “sifarişlı qatil” tərəfindən tapançadan açılan atəşlə qətlə yetirdilər. Tariyel qızının cənazəsini Bağdadla Azərbaycanın hava əlaqəsi olmadığından maşınla iki günə Astaraya gətirə bilmişdi. Astarada mən Tariyeli qarşılanda tanıya bilmədim. Saqqal basmış, qap-qara qaralmış, gözlərinin yaşı qurumuşdu. Meyiti Bakıya gətirdik. Dəfnə ölkə ictimayyətinin böyük bir dəstəsi  gəlmişdi. Ölkə rəhbərliyindən və ayrı-ayrı şəxslərdən, təşkilatlardan başsağlığı teleqramları gəlirdi. Nihalın ölümü ailənin sağlamlığına böyük zərbə vurdu. Südabə xanım xəstələndi. Ardınca Azər xəstələndi. Tariyel isə həmin vaxt Prezident Adminstrasiyasında humanitar siyasət şöbəsində müdir müavivini işləyirdi. Ulu öndər Heydər Əliyevin köməkliyi ilə Azər müalicə üçün Amerikaya göndərildi. Müalicə olunub qayıtdı. Gərgin iş Tariyelin səhətini pozsada yorulmaq bilmədən səylə çalışırdı. Bu illərdə Quranın tərcüməsini bitirib, nəfis şəkildə latın qrafikasına çap etdirmişdi.

Bu o illər idi ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı düşdüyü bəladan xilas etmək üçün gecə-gündüz bilmədən çalışırdı. Saysız-hesabsız qəbullar, görüşlər, səfərlər keçirilirdi. Səfərlərdə daim Prezidentin yanında olmaq məsuliyyəti onu həmişə formada olmağa məcbur edirdi. Hərdən deyirdimki, “Niyə görə səfir getməyi xaiş etmirsən? Tələbələrindən səfir təyin olunanlar  var.” Gülüb deyirdi ki, “Buraxmırlar”. Bir dəfə xarici işlər nazirindən Prezindentə belə təklif gəlibmiş. Heydər Əliyev isə deyib: “Tariyellə işiniz olmasın. O mənim yanımda olmalıdır. Mənə gərəkdir.”

Tariyel Prezident Adminstrasiyasının humanitar şöbəsində ölkənin ziyalıları ilə təmasda olur, çətinliklərini həll etməkdə onlara köməkçi olurdu. Şöbədə işinin çoxluğuna baxmayaraq, BDU`da ilahiyyat fakültəsində dərs deyirdi. Ölkəmiz üçün yeni dini konsepsiyasının əsaslarını hazırlaırdı. Məktəblər üçün dini kitabları hazırlamaq istəyirdi. Keçirdiyi sarsıntılar, gərgin iş qrafiki onun sağlamlığını almışdı. Müayinədən sonra cərahiyyə olunmalı idi ona görə Almaniyaya göndərildi. Müalicə olunduğdan sonra qayıtdı amma vəziyyəti düzəlmədi. Bakıda həkimlərin məsləhəti ilə Moskvaya, məşhur akademik Konolovun yanına göndərildi. Əməliyyat olunsada vəziyyəti ağırlaşdı və yatağa düşdü. Tariyel vəziyyətinin ümidsüz olmasını başa düşmüşdü. Bir otaqda yoldaşı Südabə, o biri otaqda isə Tariyel ağır vəziyyətdə yatırdılar. Azərin yoldaşı Arifə gay bu xəstənin, gah da o birisinin yanına qaçır, iynələrini vurur, yemək yedizdirir, dərmanları zorla içizdirirdi.

4 oktyabr 2005-ci ildə Südabə vəfat etdi. Tam 3 ay sonra 23 dekabr 2005-ci ildə Tariyel vəfat etdi. Onu da, yoldaşının və qızının yanında dəfn etdik.

Tariyel yurduna, kökünə bağlı adam idi. Tariyelin həyata keçirmə bilmədiyi arzuları nəvələri Əlinin, Əhmədin, Tariyelin tamamlayacağına şübhə etmirəm.

L.Həsənov.

İşıq qəzeti 2010-cu il 15 dekabr

 

Fikrini bildir!

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma